Səfirin salamlama nitqi
Mənim adım VADA Cüniçidir və bu yaxınlarda Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsini həyata keçirməyə başlamışam. Hamınızı salamlayıram!
Mən, təxminən 30 il ərzində İqtisadiyyat və Sənaye nazirliyində işləməklə, ticarət sərmayələrinin təşviqi, şirkətlərin dəstəyi üçün çalışmışam. Əldə etdiyim bu təcrübəni yaşatmaqla, Azərbaycan ilə geniş şəkildə mübadilələrin təşviqi üçün fürsət əldə etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm.
Yaponiya, Azərbaycanı çox vacib tərəfdaş hesab edir və indiyə qədər mütəşəkkil şəkildə dostluq münasibətlərini inkişaf etdirmək üçün səy göstərmişdir. Ölkələrimiz siyasət, eləcə də, diplomatiyada qarşılıqlı şəkildə bir-birinə etibar etməklə, Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq arenalarda da əməkdaşlıq etməkdədir. İqtisadi əməkdaşlığa gəldikdə, Yaponiya, indiyə qədər Şimal qaz buxar elektrik stansiyasının tikintisi, bütün ölkə boyu 250-dən artıq məktəb, xəstəxana, su təchizatı sisteminin tikintisi və s. kimi layihələrlə Azərbaycan əhalisinin rifahına töhfə verə bilmək üçün mümkün qədər dəstək vermişdir. Həmçinin, yapon şirkətləri AÇG neft yatağının işlənməsi layihəsində əməkdaşlıq edir və bundan sonra ətraf mühit, yüksək texnologiyalar və s. kimi sahələrdə də bir çox yapon şirkəti Azərbaycan şirkətləri ilə tərəfdaş olacaqdır.
Azərbaycan əhalisinin Yaponiyanı çox sevdiyini eşitmişəm. Bir çox olimpiya idmançısı yetişdirmiş cüdo başda olmaqla, anime, yapon mətbəxi, yapon çayı, yapon bağı, sakura və digər Yaponiyaya aid bir çox atribut burada sevinclə qarşılanır. Yapon dilini öyrənən tələbələrin artması da çox sevindiricidir. Bundan sonra da, daha çox azərbaycanlının Yaponiyaya olan marağını artırıb, Yaponiyaya səfər etmələri üçün Yaponiya səfiri olaraq yapon mədəniyyətini tanıtmaqla, xalqlarımız arasındakı mübadilələri təşviq etmək niyyətindəyəm.
2022-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü qeyd ediləcəkdir. Bu fürsətdən istifadə edərək, siyasi, iqtisadi, mədəni sahələrdə aramızda mövcud dostluq münasibətlərimizi daha da inkişaf etdirək. Bunun üçün ölkələrimizin çoxsaylı əlaqədar şəxslərinin biliyindən istifadə edərək, qüvvələri səfərbər etmək çox vacibdir. Yaponiya səfirliyinin bunun üçün insanlar arasında bağların yaradılmasına vəsilə ola bilməsi çox böyük sevinc olardı. Səfirliyin ofisi, internet və Facebook səhifələri vasitəsilə rahatlıqla bizimlə əlaqə saxlamağınızı xahiş edirəm.
VADA Cüniçi
Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
Avqust 2020-ci il