Səfirin mesajı

2023/1/5
 


Yaponiya səfiri Vada Cüniçiyəm.
 
2020-ci ilin avqust ayında səfir olaraq fəaliyyətə başladığım zamandan bəri hər gün Azərbaycanın füsunkarlığı, insanlarının mehribanlığı və Yaponiyaya olan isti münasibətlərinə şahid oluram. Təkcə tarixi irs ilə müasir və canlı mühitin vəhdət tapdığı paytaxt Bakı deyil, bütün regionların zəngin mədəniyyəti, təbiəti məni valeh edir, eyni zamanda oraların insanları ilə gözəl ünsiyyət və görüşlərdən çoxlu xatirələrim vardır. Azərbaycan yeməklərinin ləzzəti isə özünəməxsus və əvəzolunmazdır.
 
Azərbaycanda hər kəsin Yaponiyaya qarşı isti münasibətinə çox böyük minnətdarlıq hissi keçirirəm. İki ölkə arasında dostluq münasibətlərinin əsasının qoyulmasında indiyədək geniş sahələrdə əməyi olmuş çoxsaylı insanların qarşılıqlı mübadiləsinin rolu danılmazdır və buna görə də çox təşəkkür edirəm. Tokio Olimpiya və Paralimpiya Oyunlarında cüdo, karate kimi çoxsaylı idman növlərində Azərbaycan idmançılarının yüksək nəticələr göstərməsinin də iki ölkə arasında dostluq əlaqələrinin inkişafı yolunda böyük nailiyyət olduğunu düşünürəm.
 
İqtisadi münasibətlər sahəsində iki ölkə arasında biznes əlaqələri və ya iqtisadi mübadilə üçün geniş imkanlar olduğunu düşünürəm. Azərbaycanda zəngin turistik ehtiyatlar, şərab, nar və ya quru meyvələr kimi kənd təsərrüfatı məhsulları ilə yanaşı, dekarbonlaşdırma və yaşıl inkişaf strategiyası, elektron hökumət və s. kimi ən qabaqcıl İT həllər, qonşu ölkələr ilə geniş miqyaslı logistik baza konseptlərinin yaradılması kimi Yaponiya üçün vacib əhəmiyyət daşıyan çoxsaylı ehtiyat və ya strategiyalar da mövcuddur və bu sahələrdə də tərəfdaşlıq əlaqələrinin yaradılması üçün tədricən nailiyyətlər əldə etməyə fokuslanmaq istərdim.  
 
Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünü  “Yaponiya-Azərbaycan Dostluq İli” olaraq qeyd etdik və müxtəlif mübadilə tədbirlərinin  keçirilməsi ilə, 30 il ərzində nail olduğumuz dostluq münasibətlərini bir daha nəzərdən keçirərək, növbəti 30 il üçün əlaqələrin daha da inkişafına doğru hər kəsdə yeni ideya və düşüncələrə çağırış etməyə nail olduq.
 
Səfirlik olaraq yeni ideyalara sahib olan sizlərlə əlaqədə olub yardımçı ola bilərsək, çox məmnun olarıq.  Səfirliyimizin ofisi, rəsmi internet səhifəsi, Facebook və İnstagram səhifələri vasitəsilə bizimlə rahat şəkildə ünsiyyətə keçə bilərsiniz.

 
Yanvar, 2023-cü il
Yaponiyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri
Vada Cüniçi