Səfirin nitqi

2026/1/6
Azərbaycanın cazibədarlığını Yaponiyaya və bütün dünyaya!
 
2023-cü ilin dekabr ayında Azərbaycanda fəaliyyətə başladım və hər gün Azərbaycanın zəngin mədəniyyəti, gözəl təbiəti və səmimi insanları ilə əhatə olunaraq, hər iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verməkdən məmnunam. İndiyədək işgüzar və şəxsi səyahətlər ilə Bakı başda olmaqla, bir çox bölgələri ziyarət etmək fürsətim olub və hər gün Azərbaycanın müxtəlif gözəlliklərini kəşf edirəm.
 
30 ildən artıq müddətdə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyində informasiya və kommunikasiya siyasəti ilə məşğul olmuşam. Hər kəsin istənilən yerdə, dil maneələri olmadan ünsiyyət qura biləcəyi bir cəmiyyət, genişzolaqlı rəqəmsal cəmiyyətin qurulması istiqamətində çalışmışam. Bu təcrübədən də istifadə edərək, Azərbaycanın inkişafına töhfə vermək istərdim.
 
Azərbaycan qədim dövrlərdən bəri sivilizasiyaların kəsişmə nöqtəsi olaraq müxtəlif millətlərin ünsiyyət qurduğu və zəngin, dərin mədəniyyətin formalaşdığı diyar olmuşdur. Bakı və Şəki kimi şəhərlərin dünya irsinə daxil edilmiş tarixi məkanları və binaları, hər yerdə müxtəlif tarixi irsləri vardır. Xəzər dənizi və Qafqaz dağlarının qarla örtülü zirvələri kimi təbii gözəlliklərlə də zəngindir. Nar başda olmaqla, meyvə-tərəvəzlər, quzu əti, kürü və yerli şərablar kimi dadlı və bol məhsulları, Qafqazın gözəl təbiəti Azərbaycanın cazibədarlığını formalaşdırmış olur.
 
İqtisadi sahəyə nəzər salsaq, qədimdən məşhur olan Bakı neft yataqları ilə yanaşı, rəqəmsal transformasiya, dekarbonizasiya, sənayelərin şaxələndirilməsi, regional logistika mərkəzlərinin yaradılması və insan resurslarının inkişafı kimi sahələrdə fəal işlər həyata keçirilməkdədir.
 
Xüsusilə enerji resurslarının istehsalçısı olan bir ölkə olaraq, Azərbaycanda COP 29-un təşkil edilməsi yaşıl cəmiyyətin qurulması istiqamətində əhəmiyyətli bir addım oldu.
Eyni zamanda, 2025-ci ilin noyabr ayında ölkələrimiz arasında imzalanmış informasiya-kommunikasiya və poçt sahəsində əməkdaşlıq sazişinə əsaslanaraq, rəqəmsal bağlantının gücləndirilməsi ilə regionun sabitliyi və inkişafına yönəlmiş rəqəmsal əməkdaşlıq təşəbbüslərinin də gələcəkdə konkret şəkildə həyata keçiriləcəyi gözlənilir.
 
Bundan əlavə, Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. May ayında Bakıda təşkil olunacaq irimiqyaslı beynəlxalq tədbir - “Ümumdünya Şəhərsalma Forumunda” da gələcəyə yönəlmiş şəhər quruculuğu ilə bağlı müzakirələrin əsası qoyulacaqdır.
 
Bu kimi müxtəlif sahələrdə də Yaponiya və Azərbaycan əl-ələ verərək, yapon şirkətləri tərəfindən layihələrin həyata keçirilməsi və investisiyaların qoyulması da daxil olmaqla, iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da canlanmasına töhfə verəcəyini ümid edirik.
 
Azərbaycan xalqı Yaponiyaya çox mehriban münasibət bəsləyir və yapon xalqının milli xüsusiyyətləri, iqtisadi sosial məsələlərinə dair müsbət təsəvvürlərə malikdir. Yapon mətbəxi, ənənəvi mədəniyyət, anime, manqa və kospleyə də maraq artmaqla bərabər, cüdo, karate və aikido kimi döyüş sənətləri də geniş yayılmaqdadır.

İndiyə qədər ölkələrimiz bir çox sahələrdə əlaqələrini inkişaf etdirmişdir. Bundan sonra da iki ölkə arasında əməkdaşlıq və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün çalışacağam. Mədəniyyət mübadiləsi və insanlar arasında əlaqələr isə iki ölkənin uzunmüddətli uğurlu münasibətləri üçün əsasdır. İki ölkə arasında olan mübadiləni daha da gücləndirmək üçün maraqlı tərəflərin dəstəyinə əsaslanaraq fəal iş aparmaq niyyətindəyəm.
 
Turizm sahəsi də iki ölkə arasındakı əlaqələrin inkişafı üçün potensial sahələrdən biridir. Pandemiyanın bitməsindən sonra Yaponiyaya gedən Azərbaycan vətəndaşlarının sayı sürətlə artmaqdadır. Daha çox Azərbaycan vətəndaşının Yaponiyanı tanımasını, həmçinin yapon xalqının Azərbaycanın gözəlliklərini kəşf etməsini arzulayıram. Bunun üçün Azərbaycanın cazibədarlığını Yaponiyaya və dünyaya fəal şəkildə tanıtmaq vacibdir. Azərbaycanı məkan olaraq təqdim edən televiziya məzmunlarının hazırlanması da davam etdirilir və bundan əlavə, sosial mediadan istifadə etməklə məlumatların yayılması, turizm tədbirlərinin təşkili və turizm sahəsinin nümayəndələri üçün tanışlıq turlarının keçirilməsi kimi fəaliyyətlərlə hər iki ölkə arasında turizmin təşviqi istiqamətində işləri davam etdirmək niyyətindəyik. Televiziya yayımları və sosial media vasitəsilə tanıtımlar, eyni zamanda turizm tədbirləri və turizm mütəxəssislərinə ekskursiyaların təşkili kimi sahələrdə hər iki ölkənin turizm potensialının inkişafı üçün əməkdaşlıq imkanlarını araşdırmaq niyyətindəyik.
 
Yaponiya ilə Azərbaycan arasındakı münasibətlərdə bir çox perspektivlər mövcuddur. Müxtəlif yeni təşəbbüslərə də start veriləcəkdir. Gələcəkdə Yaponiya-Azərbaycan münasibətlərinin daha da inkişaf edəcəyinə ümid edir və bunun həyata keçirilməsi naminə Sizlərlə də bir yerdə səylərimizi əsirgəməyəcəyik.

 
Yanvar 2026-cı il
Yaponiyanın Azərbaycan Respublikasındakı
Fövqəladə və Səlahiyyətli Səfiri
Vatanabe Katsuya